Baletlər
• “Yeddi gözəl” (Nizami Gəncəvinin poeması əsasında, 1952, II redaksiya – 1959, III redaksiya, - 1978 il. )
Nizaminin ölməz əsərinin əsasında Sasani şahı Bəhram Gurun nəsihətamız hekayəti durur. Böyük igidliklərindən sonra Bəhram Gur yeddi gözəl arasında qayğılardan qaçaraq dinclik tapmağa çalışır. Gözəllərin söylədikləri nağıllarda məcazi mənada Nizaminin mənəvi yetkinləşmə görüşləri öz əksini tapıb. Sevgi xəyallarından, eyş-işrətdən ayılan Bəhram zülmkar Vəzirin törətdiyi haqsızlıqları, nəhayət ki, anlayaraq onun boynunu vurdurur, yeddi gözəldən və hakimiyyətdən əl çəkir.
Qara Qarayevin baleti də, Nizaminin ədəbi qaynağında olduğu kimi, məhz əxlaqi-fəlsəfi mahiyyət daşıyır. Gerçəkliklə uydurma (mistifikasiya), xəyali eşqlə gündəmdə duran ən başlıca yaşam problemləri baletdə yeddi gözəl və əzilən xalq surətlərində qarşı-qarşıya qoyulub.
Qara qüvvələr yeddi gözəlin xəyali görüntüsünü canlandıran cadugər Vəzirdə, xalq arzu və istəkləri isə Aişədə özünün əksini tapıb. Baletin poema ilə oxşarsızlığı onun sonluğundadır. Bəhramın uğursuzluğu, qara qüvvələrin ona üstün gəlməyi, satqın Vəzirə tərəfkeşliyi sonucunda xalqın qəzəbi onu taxtdan salır, sarsılan Bəhram Aişəni öldürür və ölkədən qovulur.
• “İldırımlı yollarla” (P. Abrahamsın romanı üzrə), 1958, II red. – 1959
P. Abrahamsın romanı Afrika xalqlarının azadlıq uğrunda carpışmaları dövrundə yazılıb. Əsər məzmununun ana xətti ağ irqdən Sari adında qızla ağ irqdən olmayan Lenni adlı oğlanın ülvi məhəbbətidir. İrqçiliyin sarsılmaz qanunlarını pozmuş Lenni bütün yerli fermer və varlıların qəzəbinə gəlir. Yeni il gecəsi Sari, nəhayət, nifrət bəslədiyi evdən baş götürüb qaçır. Azğınlaşmış təqibçilər öz şəxsi azadlığını və məhəbbətini hər şeydən uca tutan hər iki gənci vəhşicəsinə öldürürlər.