Ailəsi
Qara Qarayevin ata babası Fərəc Hacı Qara
oğlu Abşeron yarımadasında, Bakı yaxınlığında
yerləşən Fatmayı kəndindəndir.
Qara Qarayevin ana babası, - İsgəndər bəy
Axundov keçmişdə tanınmış şamaxılı
soyundandır. Onun həyat yoldaşı Züleyxa
xanım isə adlı-sanlı, lakin var-yoxdan çıxmış
Bayraməlibəylilərdəndir.
Çox da imkanlı olmayan və qohumluq yaradan hər
iki ailə XX yüzilliyin başlanğıcında
Bakı ziyalılarının demokratik çevrəsinə
aid edilməlidir.
Həmin ailələrin üzvləri özləri
haqqında yaddaşlarda düşüncəli,
gülərüzlü, adamayovuşan, xırda yaşantılardan
uzaq, intellektual və bədii dəyərlərlə
qidalanan, nəfəs alan insanlar kimi silinməz izlər
qoyub getmişlər.
Qara Qarayevin atası - Əbülfəz
Fərəc oğlu Qarayev (1916)
Qara
Qarayevin atası - əməkdar elm xadimi, Azərbaycanda
ən öncül uşaq həkimi (o, Odessada tibb
institutunu bitirmişdi) Əbülfəz Fərəc
oğlu Qarayev hələ 1917-1918-ci illərədək
(yəni oktyabr çevrilişi və Azərbaycan
Demokratik Respublikası qurulanadək) diaqnost, daha
sonralar isə, nəzəriyyəçi kimi də
böyük ad-san qazanmışdı.
Uzun illər boyu o, Azərbaycan Dövlət Tibb
institutunda və başçılıq etdiyi elmi-tədqiqat
ana və uşaqların qorunması institutunda neçə-neçə
həkim-pediatr nəsilləri yetirmişdi.
Qara Qarayevin anası Sona xanım
İsgəndər qızı ( 1898 -1971).
O zamanlar üçün hərtərəfli təhsil
almış ilk azərbaycanlı qadınlardan idi.
Onun ata-anası, şəriətin qadağalarından
keçərək, qızlarını hələ
14 yaşından Bakı şəhər idarəsi
yanında orta məktəbdə oxutmuş, daha sonra
isə Sona xanım “Müqəddəs Nina” məktəbinin
Bakı bölməsini bitirmişdi. O həm də
fortepiano ifaçılığı təhsili almışdı.