Orkestr üçün – simfoniyalar.


 

1-ci simfoniya (Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə, 1944.)

1943-cü ildə, D. Şostakoviçin sinfində yazılıb. Klassik 4 bölümlü simfonik silsilədən bütövlükdə seçilir: simfoniya 2 bölümlüdür.

I bölüm (Molto sostenuto) bədii surətlərin qarşılaşdırılması üzərində qurulub. II bölüm (Molto moderato) 6 simfonik variasiyadan ibarətdir ki, hərəkətin, cəldliyin, qeyri-adı, gözlənilməz modulyasiyaların, orkestr çalarlarının dəyişməsi sayəsində baş mövzünun şəklidəyişmələri baş verir.

Variasiyalar simfoniya üçün ənənəvi bölümləri – Andante, skertso və finalı əvəz edirlər.

2-ci simfoniya, 1946.
2-ci simfoniyanın partiturası 1946-cı ilin yazında sona çatdırılaraq konservatoriyanı bitirmək üçün diplom əsəri kimi ən yüksək qiymət almışdı.

I bölüm (Allegro) – mahiyyətcə kiçik tokkata, quruluşca isə sonatinadır.

II bölümün (Andante) ən gözəçarpan özəlliyi-onun quruluşunun son dərəcədə bitkinliyidir. Əslində bölüm işlənmə bölməsi epizodla əvəz olunmuş sonata quruluşundadır.

III bölüm (Allegro molto) skertsodur.

IV bölümdə - Passakalyada janrın başlıca prinsipi – bas mövzuya variasiyalar sonadək saxlanılmışdır.

V bölüm (Allegro vivace) rondo-sonata quruluşundadır. Burada iti, arasıkəsilməz axın yozumu yaradan mövzulara üstünlük verilib.

3-cü simfoniya (kamera orkestri üçün), 1965.
4 bölümlü əsərdə klassik simfonik silsilənin başlıca qaydaları gözlənilib: Allegro-nu skertso əvəz edir, daha sonra asta bölüm və enerjili final gəlir.

Əsər intonasiya baxımından dodekafoniya texnikası ilə yanaşı, major və minor ünsürləri, nəhayət, Azərbaycan xalq musiqisi, daha doğrusu, aşıq havacatı ünsürlərindən quraşdırılmışdır.

“Qoyya” Yaşlılar və uşaq xorları və simfonik orkestr üçün – F. Qarayevlə birgə, 1979.

Zülmət gecə və qorxunc fantastika duyğusu oyadan I bölüm sanki Qoyyanın “Kapriços” silsiləsinin surətlərindən ilhamlanıb. II bölüm gözəllik, yüksək insani yaşantılar aləmi kimi yozula bilər. III bölüm isə qatı, sıx boyalar və güclü, iradəli yaxmalarla yaradılmış möhtəşəm freskanı-divar naxışını xatirladır.

Girişdə səslənən kilsə qaydalı “Ave Maria” uşaq xorundan tutmuş finalda səslənən “Yaşasın İspaniya!” “Yaşasın Azadlıq!” xor fuqasınadək simfoniyanın gediş axarı bütövlükdə əsərin konsepsiyasını “ağır idrak yolu keçmiş sənətkar” kimi yozmağa imkan verir.

“Leyli və Məcnun” simfonik poeması, 1947.

Əsərin başlıca dramaturji qarşıdurması ilk növbədə baş mövzü ilə girişin mövzusu arasında yaranan qarşıdurma yolu ilə gerçəkləşdirilir. Baş və köməkçi mövzular isə əsərin birbaşa gedişinin iki psixoloji-yaşantılı axarını açıqlayır.

Və bunun sonucunda ənənəvi klassik cizgidə sapma baş verir: burada ayrıca “işlənmə” bölməsi yoxdur və boşluqda onun vəzifəsini çox tutumlu, - bir necə bölməli ekspozisiya və qısa, lakin dinamik repriza yerinə yetirirlər.

Alban rapsodiyası, 1952.
Bu əsər bəstəkarın Albaniya səfərinin sonucudur. Əsərdə bəstəkarın folklor materialından faydalanmağı və zəngin orkestr çalarları öz parlaq əksini tapmışdır.

“Don Kixot” simfonik qravurləri, 1960.
“Don Kixotun” olduqca özəl musiqili dramaturgiyası var. Bütün bölümlərin silsilədə birliyini yaradan, sanki “lehimləyən” səyyahlıq mövzusu (I, III, V və VIII bölümlərdə) ilkin ədəbi qaynağın başlıca poetik mövzüsünü, - qəhrəmanın şər və haqsızlıqlarla üzləşdiyi və döyüşdüyü faciəli həyat yolunu özündə əks etdirir.

Digər bölümlərdə isə biz sadədil, lakin alicənab qəhrəmanın gözləri ilə onu çevrələyən aləmi görür və duyuruq: diribaş, şən və oynaq silahdaşını (“Qubernator Sanço Pansa”, II qravür) da; füsünkar sevgilisini də (“Aldonsa”, IV qravür).

Digər surətlər çevrəsi isə soyuq-nəzakətli aristokrat rəqsində (“Pavana”, IV qravür) və qabağıalınmaz coşğun, lakin tutqun çalarlı “Kavalkada” bölümündə (VII qravür) öz əksini tapmışdır. Əsər əzablı, sıxıntılı, kədərli sonluqla – “Don Kixotun ölümü” (VIII qravür) ilə başa çatır.

 

 
 

 © Musigi Dunyasi

  Back Project participants